Avropa İttifaqı (Aİ) mənzil böhranının aradan qaldırılması istiqamətində səylərini artırır, əlçatan mənzil sahəsində beynəlxalq əməkdaşlığa və sistem islahatlarına daha çox diqqət yetirir.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.
Diplomat əlçatan və keyfiyyətli mənzilin mövcudluğunun istənilən cəmiyyətin dayanıqlı inkişafı üçün əsas şərt olduğunu vurğulayıb.
"Əgər insanların başlarının üstündə dam yoxdursa və ya yaşadıqları mənzil təhlükəsizdirsə, bu, bütün cəmiyyət üçün ciddi çağırışa çevrilir. Mənzil əmtəə kimi deyil, insanın fundamental hüququ kimi nəzərdən keçirilməlidir", - diplomatik missiyanın rəhbəri bəyan edib.
Səfir əlavə edib ki, mənzil böhranının universal həlli mövcud deyil, çünki hər bir ölkə yerli yanaşmalar tələb edən özünəməxsus spesifik çağırışlarla üzləşir.
Bununla yanaşı, Avropa İttifaqı artıq konkret institusional addımlara keçid edib, mənzil məsələləri üzrə ilk komissar təyin edilib və xüsusi işçi qrupu yaradılıb.
Bundan başqa, Kuyundziç bildirib ki, Avropa Komissiyası əlçatan mənzillə təminat planını təqdim edib, bu plana təklifin artırılması, investisiyalar, islahatlar və sosial cəhətdən həssas əhali qruplarının müdafiəsi üzrə tədbirlər daxildir.
Onun sözlərinə görə, planın icrasına artıq başlanılıb, bazarda mənzil dəyərinin davamlı artması isə mövzunu xüsusilə aktual edir.