Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir

Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.

"Report"un məlumatına görə, bunu Baş nazir Əli Əsədov Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar:

"Ötən dövr ərzində strateji tərəfdaşlığımız keyfiyyətcə yeni mərhələyə yüksəlib. Yüksək səviyyəli siyasi dialoqun dinamikası əməkdaşlığımızın möhkəmlənməsində aparıcı rol oynayır".

Ə. Əsədov vurğulayıb ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana baş tutmuş dövlət səfəri və İrakli Kobaxidzenin may ayında Azərbaycana səfəri (WUF13) xüsusi önəm daşıyır:

"Bu səfərlər və əldə olunmuş razılaşmalar münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləmiş və əməkdaşlığımızın müxtəlif sahələr üzrə dərinləşməsinə əlavə impuls vermişdir. Beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birimizi dəstəkləmişik. Xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyimizi vurğulamaq istərdim".

Digər xəbərlər