Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, təxminən 100 min nəfər həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır.
"Report"un Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə nazir Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxış edərkən deyib.
Ceyhun Bayramov çıxışında Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.
Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin "Regional sülh və təhlükəsizlik" olduğunu bildirən Ceyhun Bayramov beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.
Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.
TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.
Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb.
Sədrliyimiz dövründə həmçinin Bakıda Mərkəzi Banklar Şurasının və eləcə də Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.
Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, cari ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin və eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.
TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.
Təşkilatın inkişafına verdiyi töhfələrə görə vəzifəsini başa vuran Baş katib Kubanıçbek Omuraliyevə minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.
Sammitin sonunda Ankara Bəyannaməsi qəbul olunub.