Azərbaycan və Qambiyanın media qurumları arasında ideya və təcrübə mübadiləsi üçün geniş imkanlar var.
"Report" xəbər verir ki, bunu Azərbaycanın bu ölkədəki səfiri Nazim Səmədov ölkənin "The Standard" qəzetinin redaksiyasında keçirilən görüş zamanı bildirib.
Məlumata görə, səfir və onu müşayiət edən nümayəndə heyəti baş direktor Salla Cenq və baş redaktor Lamin Çam ilə iki ölkənin KİV-i arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
"Əməkdaşlığın inkişafı Azərbaycan və Qambiya arasında media sahəsində qarşılıqlı anlaşmanın dərinləşməsinə və əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - nəşr yazıb.
Nazim Səmədov həmçinin Qambiyaya səfərindən müsbət təəssüratlarının və iki ölkənin media qurumları arasında ideya və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu qeyd edib. "Bu cür əməkdaşlığın inkişafı Azərbaycanın regional və qlobal məsələlərlə bağlı mövqeyini daha yaxşı çatdırmağa imkan verəcək", - deyə diplomat vurğulayıb.
Salla Cenq və Lamin Çam səfirə "The Standard"ın Qambiya və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə hər cür köməklik etməyə hazır olduqlarını bildiriblər.