Azərbaycan COP31 çərçivəsində Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində İkinci İkiillik Şəffaflıq Hesabatını (BTR2) təqdim edib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, hesabat nazirliyin təşkilatçılığı ilə keçirilən "Birinci İkiillik Şəffaflıq Hesabatından (BTR1) İkinci İkiillik Şəffaflıq Hesabatına (BTR2): hesabatlılığın təkmilləşdirilməsi və qabaqcıl təcrübələr" mövzusunda beynəlxalq tədbirdə təqdim olunub.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək İkinci İkiillik Şəffaflıq Hesabatını iştirakçılara təqdim edib.
Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru, COP29-un prezidenti və Qlobal Ekoloji Fondun (GEF) nümayəndəsi də çıxış ediblər.
Hesabatın təqdimatı iştirakçılar tərəfindən təqdirəlayiq qarşılanıb.
Tədbir çərçivəsində 1990–2024-cü illəri əhatə edən istixana effekti yaradan qaz emissiyalarının əsas sektorlar üzrə inventarlaşdırılmasının təkmilləşdirilməsi, milli hesabatlılıq potensialının gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsi məsələləri müzakirə olunub.