Azərbaycan diplomatı qətlə yetirilən Rusiya səfirinin cənazəsinin Ankaradan vətəninə göndərilmə mərasimində iştirak edib

Bakı. 20 dekabr. REPORT.AZ/ "Rusiya səfirinə edilən hücum terrorun vəhşi üzünü nümayiş etdirir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Ankaradakı səfiri, diplomatik korpusun Türkiyədə akkreditasiya edilmiş duayeni Faiq Bağırov dünən öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsinin Vətənə göndərilməsi mərasimində deyib.

Mərasim bu dəqiqələrdə Ankaranın "Esenboğa" hava limanında keçirilir.

Azərbaycan səfiri beynəlxalq ictimaiyyəti dünyada rast gəlinən bu cür halların qarşısını almaq üçün birləşməyə çağırıb. O əminliklə deyib ki, bu terror aktı lazımi səviyyədə araşdırılacaq və günahkarlar cəzasını alacaq: "Andrey Karlov həm istedadlı diplomat, həm də dahi şəxsiyyət idi. O, daim bizim qəlbimizdə yaşayacaq".

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada keçirilən fotosərgidə qətlə yetirilib. 

Digər xəbərlər