ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış Anlaşma Memorandumu iki qurum arasında gələcək əməkdaşlıq üçün əsas olacaq.
"Report" xəbər verir ki, bu barədə ARMAC-ın icraçı direktoru Rotna Buz IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirədə bildirib.
R.Buzun sözlərinə görə, ARMAC və ANAMA arasında əməkdaşlıq hələ 2024-cü ildə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi ilə başlayıb.
O qeyd edib ki, tərəflərin qarşılıqlı fəaliyyəti bilik və praktiki təcrübə mübadiləsinə, peşəkar əlaqələrin qurulmasına, həmçinin minatəmizləmə sahəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib.
"Regional əməkdaşlıq ölkələrə problemlərin həllinə sıfırdan başlamamağa, bir-birinin təcrübəsindən istifadə etməyə və birlikdə səmərəli həll yolları tapmağa imkan verir", - ARMAC-ın icraçı direktoru vurğulayıb.