Belqraddan Bakıya birbaşa uçuş baş tutub - YENİLƏNİB

Bu gün Belqraddan Bakıya birbaşa uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

"Report" xəbər verir ki, iki şəhər arasında ilk aviareysi "Air Serbia" aviaşirkəti həyata keçirib.

Uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.

Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.

İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və "Air Serbia" rəhbərliyi iştirak ediblər.

Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.

Sənan Ağamalızadə

"Air Serbia"nın Belqrad və Bakı arasında birbaşa uçuşları başlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, "Air Serbia" bu gün rəsmi olaraq Belqrad ilə Bakı arasında birbaşa aviareysi istifadəyə verib.

Məlumata görə, uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.

Belqraddan ilk reysin yola salınma mərasimində Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev, Serbiya Respublikası hökumətinin nümayəndələri - tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, həmçinin "Air Serbia"nın icra heyəti, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Digər xəbərlər