Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 23-26-da İspaniyanın Barselona, İtaliyanın Roma və Milan şəhərlərində Azərbaycanın ilboyu turizm imkanlarının tanıdılması məqsədilə silsilə təqdimat və işgüzar görüşlər təşkil edib.
"Report" Agentliyə istinadən xəbər verir ki, tədbirlərdə hər iki ölkənin turizm sənayesi və media nümayəndələrinə Azərbaycanın mədəni irsi, müasir şəhər həyatı, qonaqpərvərlik ənənələri və təbii turizm resursları barədə məlumat verilib.
Noyabrın 23-də Barselonada, 25-də Romada, 26-da isə Milanda keçirilən görüşlərin hər birində 40-a yaxın yerli turizm şirkətinin nümayəndəsi iştirak edib. Tədbirlərdə milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) QSC, "Türk Hava Yolları" aviaşirkəti və Azərbaycanın altı turizm şirkəti təmsil olunub.
Təqdimatlarda Azərbaycanın qonaqpərvərlik sektoru, Bakının tarixi və müasir memarlığı, Şamaxı və Şəkini əhatə edən İpək Yolu marşrutları, ölkənin qastronomiya və şərabçılıq ənənələri diqqətə çatdırılıb, dağ piyada marşrutları, xizək kurortları, Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qış idman yarışları, festivallar və "Formula 1" yarışları ilə əlaqəli şəhər turizmi imkanları təqdim edilib. Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edən kombinə edilmiş turizm marşrutları barədə də məlumat verilib.
B2B formatında keçirilən görüşlərdə yeni turizm məhsullarının hazırlanması və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbirlərin mədəni proqramında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib, yerli şərabların dequstasiyası təşkil edilib.
İspaniya və İtaliya ilə Azərbaycan arasında birbaşa hava əlaqələri turistlərin ölkəmizə səfərlərini asanlaşdırır. Hazırda AZAL Barselonadan Bakıya həftədə dörd dəfə, Milandan isə gündəlik uçuşlar həyata keçirir. "Wizz Air" aviaşirkəti isə Romadan Bakıya həftədə üç dəfə birbaşa uçuşlar təşkil edir.
Silsilə tədbirlər Azərbaycanın İspaniya və İtaliya turizm bazarlarında tanıdılması, bu ölkələrin turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin genişləndirilməsi və media ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ATB-nin fəaliyyətinin davamı olub.