Azərbaycanda turizm sahəsində 5 yeni dövlət standartı qəbul oluna bilər

Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) turizm sahəsində 5 yeni dövlət standartı qəbul edə bilər.

"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, İnstitutun təsis etdiyi "Turizm və əlaqədar xidmətlər"in standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 06) onlayn iclası keçirilib. İclasda AZSTAND-la yanaşı, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Azərbaycan Turizm və Menecment Universitetinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri iştirak edib.

İclasda Texniki Komitənin 2025-ci il fəaliyyət planına uyğun olaraq işlənib hazırlanmış 2 standart layihəsi səs çoxluğu ilə qəbul edilib, daha 3 yeni dövlət standartı layihəsi isə müzakirə edilib.

Sonda "2026–2028–ci illər üzrə Milli Standartlaşdırma Proqramına"na daxil edilmiş turizm sahəsi üzrə standart layihələri barədə məlumatlandırma və planlaşdırma məsələlərinə baxılıb.

Digər xəbərlər