Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin üçüncü rübündə 16 316 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
“Report”un şirkətin açıqladığı hesabata əsasən, bu, 2020-ci ilin üçüncü rübünün göstəricilərinə nisbətən 10,3 % azdır. 2020-ci ilin üçüncü rübündə bu həcmlər 18 190 unsiya qızıl ekvivalenti olub.
Bu ilin üçüncü rübündə şirkət tərəfindən 12 847 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 16,9 % azdır.
Bu dövr ərzində Britaniya şirkəti 573 ton mis istehsal edib. Bu, 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 16,7 % azdır.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 36 912 unsiya təşkil edib. Bu isə 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 18,9 % çoxdur.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.