Ötən il Bakıda sənaye istehsalı 1 %-dək azalıb

2022-ci ildə Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 0,9 % azalaraq 75,2 milyard manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənaye məhsullarının 85,2 %-i mədənçıxarma, 12,8 %-i emal, 1,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 90,4 % olub. İstehsalın ümumi həcmində sənaye məhsullarının payı 94,8 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,2 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin 1 yanvar vəziyyətinə 466,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 86 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 1,1 % az sənaye məhsulu istehsal edilib.

Digər xəbərlər