Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin ikinci rübü ərzində 15 052 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin ikinci rübünün və yarım ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Bu, 2021-ci ilin ikinci rübünə nisbətən 10,1 % azdır. 2021-ci ilin ikinci rübündə bu həcmlər 16 740 unsiya qızıl ekvivalenti olub.
Bu ilin ikinci rübündə şirkət tərəfindən 10 866 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 11,9 % azdır.
Bu dövr ərzində Britaniya şirkəti 715 ton mis istehsal edib. Bu, 2021-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 2,9 % çoxdur.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 48 810 unsiya təşkil edib. Bu isə 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 12,04 % çoxdur.
Ümumilikdə, 2022-ci ilin ilk yarısı ərzində "Anglo-Asian Mining Plc." şirkəti 28 772 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib. Bu, 2021-ci ilin ilk yarısının göstəriciləri ilə müqayisədə 10,6 % azdır. 2021-ci ilin ilk yarısında bu həcmlər 32 171 unsiya qızıl ekvivalenti olub.
Bu ilin ilk yarısında şirkət tərəfindən 20 906 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 13,8 % azdır. 2021-ci ilin ilk yarısında bu həcmlər 24 247 unsiya olub
Bu dövr ərzində Britaniya şirkəti 1 283 ton mis istehsal edib. Bu, 2021-ci ilin ilk yarısının göstəriciləri ilə müqayisədə 3,8 % azdır. 2021-ci ilin ilk yarısında bu həcmlər 1 333 ton olub
2022-ci ilin ilk 6 ayı ərzində "Anglo-Asian Mining Plc."nin gümüş istehsalı isə 99 499 unsiya təşkil edib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur. 2021-ci ilik ilk yarısında bu həcmlər 78 980 unsiya olub
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.