Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə bu ilin üçüncü rübü ərzində 14 309 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin üçüncü rübünün və 9 ayın yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Bu, 2021-ci ilin üçüncü rübünə nisbətən 12,3 % azdır. Ötən ilin iyul-sentyabr aylarında bu həcmlər 16 316 unsiya qızıl ekvivalenti olub.
Bu ilin üçüncü rübündə şirkət tərəfindən 11 087 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 13,7 % azdır.
Bu dövr ərzində Britaniya şirkəti 609 ton mis istehsal edib. Bu, 2021-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 6,3 % çoxdur.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 45 063 unsiya təşkil edib. Bu isə 2021-ci ilin üçüncü rübü ilə müqayisədə 22,08 % çoxdur.
Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində "Anglo-Asian Mining Plc." şirkəti 43 081 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib. Bu, 2021-ci ilin 9 ayının dövrü ilə müqayisədə 11,1 % azdır. 2021-ci iln yanvar-sentyabr aylarında bu həcmlər 48 487 unsiya qızıl ekvivalenti olub.
Bu ilin 9 ayında şirkət tərəfindən 31 993 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 13,8 % azdır. 2021-ci ilin 9 ayında bu həcmlər 37 096 unsiya təşkil edib.
Bu dövr ərzində Britaniya şirkəti 1 892 ton mis istehsal edib. Bu, 2021-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 0,7 % azdır. 2021-ci ilin 9 ayında bu həcmlər 1 906 ton olub.
2022-ci ilin 9 ayı ərzində "Anglo-Asian Mining Plc."nin gümüş istehsalı isə 144 562 unsiya təşkil edib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,2 % azdır. Ötən ilin yanvar-sentyabr ayları ərzində bu həcmlər 115 843 unsiya təşkil edib.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.