Britaniyanın qızıl hasilatçısı Azərbaycanda yeni qızıl-mis zonası aşkar edib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yerləşən “Gilar” qızıl və misin minerallaşması zonası aşkar edib.

“Report”un Britaniya şirkətinə istinadən verdiyi məlumata görə, “Gilar” yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib.

Bildirilir ki, bu nəticəyə yataqda şaquli qazma zamanı gəlinib və 6 minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.

Məlumatda həmçinin deyilir ki, ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, həmçinin faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış, eləcə də əlavə kəşfiyyat layihəsi planlaşdırılır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Digər xəbərlər