Britaniyanın qiymətli metal istehsalçısı bu il Azərbaycanda hasilat həcmlərini 33 %-dən çox azaldıb

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti 2023-cü ilin yanvar-sentyabr aylarında 28 686 unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Bu, 2022-ci ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 14 395 unsiya və ya 33,4 % azdır.

Bu dövr ərzində şirkət tərəfindən 18 771 unsiya qızıl istehsal edilib. Bu, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13 222 unsiya və ya 41,3 % azdır.

“Anglo Asian Mining plc” şirkəti tərəfindən 2 111 ton mis istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 219 ton və ya 11,6 % çoxdur.

Gümüş istehsalı 50 272 unsiya həcmində olub ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisinə nisbətən 94 290 unsiya və ya 2,9 dəfə azdır.

Bu ilin üçüncü rübü ərzində “Anglo Asian Mining plc” şirkəti 5 295 unsiya qızıl ekvivalentində əlvan metal hasil edib. Bu, 2022-ci ilin üçüncü rübünün göstəricisi ilə müqayisədə 9 014 unsiya və ya 2,7 dəfə azdır.

Ötən rüb ərzində şirkət tərəfindən 4 163 unsiya qızıl istehsal edilib. Bu, 2022-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə 6 924 unsiya və ya 2,7 dəfə azdır.

Mis istehsalı il ərzində 358 ton və ya 2,4 dəfə azalaraq, 251 ton təşkil edib.

Gümüş istehsalı isə il ərzində 39 367 unsiya və ya 7,9 dəfə azalaraq, 5 696 unsiyaya enib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Digər xəbərlər