Bu ilin yanvar-avqust aylarında Bakının sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 68,1 milyard manat təşkil edib, bu da illik müqayisədə 2,62 dəfə çoxdur.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, sənaye məhsulunun 89,6 %-i mədənçıxarma, 9 %-i emal, 1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 93,3 % olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 % təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-nə 403,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 56,1 milyard manatlıq sənaye məhsulu istehsal edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.
Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 9 % artıb.
Sənaye məhsulunun 75,5 %-i mədənçıxarma sektorunda, 20,6 %-i emal sektorunda, 3,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.