“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək” MMC” 2020-ci ili 268 min manat zərərlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,3% çoxdur.
Son nəticədə şirkətin yığılmış zərəri 82% artaraq 593 min manata çatıb.
Bu il yanvarın 1-nə “Azəripək”in aktivləri 11,277 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 18,3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 65% artaraq 3,751 milyon manata, balans kapitalı 3,6% artaraq 7,526 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 57,2% artaraq 8,119 milyon manata çatıb.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın 1 növbəli iş rejimində illik istehsal gücü 500 ton olan yaş barama emalı, toxucu istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü 50 min p/m olan ipək parça, 40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə 10 min ədəd olan kəlağayı və 5 min ədəd olan şərf təşkil edir.
Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.