“AzerGold” QSC fəaliyyət göstərdiyi 7 il ərzində satışdan 1 milyard 28 milyon manat gəlir əldə edib.
“Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) şirkətin fəaliyyətə başlamasının 7 illiyi, eləcə də 2023-cü ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, satış gəlirlərinin 990 milyon manatını ixrac gəlirləri təşkil edib: “Belə ki, şirkət indiyə qədər 358 min unsiya qızıl, 712 min unsiya gümüş ixrac edib, yerli zərgərlik bazarının inkişafı məqsədilə isə 11 min unsiyadan çox qızılı və 76 min unsiyadan çox gümüşü daxili bazara yönəldib”.
Z.İbrahimov həmçinin qeyd edib ki, bu ilin I yarısında “AzerGold” Daşkəsən və Göygöl rayonlarındakı mədənlərindən 18 min unsiya qızıl, 53 min unsiya gümüş hasil edib.
"Qızıl hasilatı plandan 3 %, gümüş hasilatı isə 53 % artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq olaraq plandan 31 % və 74 % artıq icra edilib. I yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib", - deyə sədr əlavə edib.