Bu ilin yanvar-aprel ayları ərzində “AzerGold” QSC 25,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 18 % azdır.
2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 milyon ABŞ dolları təşkil edib.
“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.