“AzerGold” Daşkəsən dəmir filizi yataqları üzrə hədəflərini açıqlayıb

“AzerGold” QSC Daşkəsən dəmir filizi yataqlarının istismarından 2035-ci ilə kimi 5 milyard manata yaxın gəlir əldə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri" mövzusunda tədbirdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, hazırda Daşkəsəndə regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin gələcəkdə işlənməsinə dair ilkin qiymətləndirmə sənədinin hazırlanması istiqamətində fəal iş aparılır.

“Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filizi yataqlarının istismara verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir. Daşkəsən dəmir filizi yataqlarının istismarına başlaması və dəmir istehsalı zənciri üzrə 2035-ci ilədək məcmu ÜDM-yə 6,8 milyard manat töhfə verilməklə 4,9 milyard manat məbləğində gəlirin əldə edilməsi, üstəlik dövlət büdcəsinə 556 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənilməsi nəzərdə tutulub. Sözügedən layihələrin icrası ilə birbaşa və dolayı iş yerlərinin sayı (multiplikator faktoru nəzərə alınmaqla) 3 300 nəfərədək artırılacağı proqnozlaşdırılır”, - Z. İbrahimov deyib.

Digər xəbərlər