Azərbaycanda yük avtomobili istehsalı 38 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 200 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,9 % çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Nəticədə, bu il aprelin 1-nə ölkədə 67 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda ümumiyyətlə 153,5 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. İl ərzində avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4 %, maşın və avadanlıqların istehsalı 19,5 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 45,1 % azalıb.

Bu ilin ilk rübündə ölkədə 607 ədəd və ya 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 318 ədəd və yaxud 34,4 % az minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 226 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən müddət ərzində Azərbaycanda 166 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 27,2 % azdır. Nəticədə, bu il aprelin 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Digər xəbərlər