Azərbaycanda qızıl, gümüş hasilatçısı şirkəti proqnozunu açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün hasilat proqnozunu dəyişməz saxlayıb.

Bu barədə “Report” şirkətin yaydığı hesabata istinadən məlumat verir.

Bildirilir ki, 2021-ci il üçün şirkət 64-72 min unsiya həcmləri arasında qızıl ekvivalenti istehsal hədəfini təyin edib.

Məlumata görə, şirkət bu ilin sonuna qədər 48-54 min unsiya qızıl istehsal etməyi planlaşdırır. Bundan başqa, bu ilin sonuna qədər Britaniya şirkəti Azərbaycanda 2500-2800 ton mis istehsal etməyi nəzərdə tutur.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Digər xəbərlər