Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR Karbamid” zavodu İspaniyaya karbamidin ixracına başlayıb və ilkin mərhələdə sifarişçi tərəfə 4 min tondan çox məhsul göndərib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən "Report"a verilən məlumata görə, karbamid zavodu məhsul istehsalının həcmini artırır və ixrac coğrafiyasını genişləndirir.
Qeyd edək ki, indiyədək karbamid zavodu tərəfindən 293 milyon manatlıq satış həyata keçirilib, bunun 86 %-i ixrac edilib. Müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi adı ilə Brazilya, Ruminya, İtaliya, Albaniya, Bolqarıstan, Türkiyə, Rusiya, BƏƏ və s. ölkələrə ixrac olunur.
Xatırladaq ki, “SOCAR Karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.