“Anglo-Asian Mining” bu il üçün istehsal planlarını açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2024-cü ildə 15-19 min unsiya qızıl ekvivalentində istehsal gözləyir.

Bu barədə “Report” Britaniya şirkətinin yaydığı hesabata əsasən məlumat verib.

Bildirilib ki, bu il ərzində o cümlədən 250-850 ton mis və 14-16 min unsiya qızıl hasil ediləcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü il ərzində “Anglo-Asian Mining Plc." şirkəti 31 8121 unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib. Bu, 2022-ci ilin göstəricisindən 44,8 % azdır. 2023-cü ildə Azərbaycanda 30 min unsiyadan 34 min unsiya GEO-dək qiymətli metalların hasilatı ilə bağlı proqnoz halında, faktiki hasilat 31 821 unsiya GEO təşkil edib. Bununla yanaşı, qızıl hasilatı 21 758 unsiya (azalma 49,5 %), mis 2 138 ton (azalma 15 %), gümüş 53 226 unsiya (azalma 70,8 %) təşkil edib.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Digər xəbərlər