Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti 2028-ci ilə qədər mis hasilatını 36 min tona çatdırmağı planlaşdırır.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Şirkətin 2024-2028-ci illər üçün hazırladığı strateji artım planına əsasən, 2023-cü ildə Azərbaycanda mis hasilatı 10,3 -11,2 min ton olacağı proqnozlaşdırılır. 2024 və 2025-ci illərdə isə ölkədə mis istehsalı 33,9-38,4 % artaraq 15 -15,5 min tona çatacağı nəzərdə tutulur.
Bu plana əsasən, 2026 və 2027-ci illər ərzində isə Azərbaycanda mis hasilatı 24-26 min ton təşkil edəcək ki, bu da daha əvvəlki hasilat proqnozu ilə müqayisədə 54,8-67,7 % çoxdur.
2028-ci ildə isə şirkətin mis hasilatı 36 min unsiya çatdırılması planlaşdırılır ki, bu da daha öncəki illərlə müqayisədə 50-38,5 % çoxdur.
Xatırladaq ki, hasilatın artımı Azərbaycanda dörd yeni mədənin ardıcıl açılışı nəticəsində təmin ediləcək. Şirkət hasil etdiyi misin bir tonunun 8 000 ABŞ dollarına satılmasına hesablanıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.