Xamenei: İran müharibəyə can atmır

İran müharibəyə can atmır, amma öz hüquqlarından imtina etməyəcək.

"Report" xəbər verir ki, bunu İran dövlət televiziyasının Ali rəhbər Müctəba Xamenei adından yaydığı bəyanatda bildirilib.

"İran müharibəyə can atmır, amma öz hüquqlarından imtina etməyəcək", - Müctəbanın atası, İranın əvvəlki Ali rəhbəri Əli Xameneinin vəfatından 40 gün sonra verilən bəyanatda deyilir.

Xamenei həmçinin bildirib ki, Tehran hərbi əməliyyatlar zamanı dəyən ziyana görə kompensasiya tələb etmək, həmçinin Hörmüz boğazının idarə olunmasını yeni səviyyəyə qaldırmaq niyyətindədir.

"Biz vurulan hər bir ziyana, şəhidlərimizin qanına, müharibə veteranlarının xəsarətlərinə görə mütləq kompensasiya tələb edəcəyik və Hörmüz boğazının idarə olunmasını mütləq yeni səviyyəyə qaldıracağıq", - "Tasnim" agentliyi tərəfindən yayılan bəyanatda deyilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Digər xəbərlər

Putin Pasxa atəşkəsi elan edib 09 aprel, 2026 / 23:15