İslam ölkələri ortaq imkanlara arxalanaraq, dünyaya ədalət və inkişaf modeli təqdim edə bilər və İran bu dövlətlərlə istənilən faydalı anlaşmanı dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşdə deyib.
"İran İslam ölkələrinin vəhdətini və həmrəyliyini gücləndirmək üçün hər cür anlaşmanı dəstəkləyir", - o bildirib.
Pezeşkianın sözlərinə görə, İslam ölkələri arasında yaxınlaşma zəruridir: "İran qəti inam və ciddi iradə ilə regional əməkdaşlığın dərinləşdirilməsi, ixtilafların aradan qaldırılması və İslam ölkələrinin ortaq imkanlarından yararlanmaq istiqamətində addımlar atmağa, regionun vəhdəti, həmrəyliyi, təhlükəsizliyi və inkişafının güclənməsinə səbəb olacaq hər bir anlaşmanı dəstəkləməyə hazırdır".
İranda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmilərinin regional təhlükəsizlik və sabitliklə bağlı dördtərəfli görüşü keçirilib.
"Report" IRNA-ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai rəhbərlik edib.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da görüşə qatılıblar.
İclas Pakistanın təklifi, İranın yardımı və əməkdaşlığı ilə çağırılıb.
Regional təhlükəsizlik, ABŞ-İsrail hücumlarının davam etməsi, Fələstin və Livan xalqlarına yardım iclasda müzakirə olunan mövzular sırasındadır.