"Üçbaşlı müharibə partiyası" ("Ermənistan" bloku, "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyaları - red.) məhv edilib, bunu yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri də sübut edir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda casusluqla məşğul olan və xaricdən idarə edilən müxalifətin kökünü kəsmək lazımdır.
"Ermənistanda yeni, dövlətyönümlü müxalifət formalaşmalıdır, lakin onu hökumət formalaşdırmamalıdır", - Paşinyan bildirib.
O həmçinin qeyd edib ki, yeni müxalifətin formalaşması ətrafında ictimai müzakirələr təşkil etmək lazımdır.
Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 25-də proporsional seçki sistemi üzrə keçirilmiş 19 icmanın ağsaqqallar şuralarına seçkilərin ilkin nəticələrini açıqlayıb. Hakim "Mülki müqavilə" partiyası 16 icmada ən çox səs toplayıb, daha ikisində - Qavar və Gorusda isə tərkibinə hakim partiyanın daxil olduğu "Həmrəylik" blokları liderlik edir. Stepanavanda ən çox səsi "Sahibkar" partiyası toplayıb. Beş icmada - Armavir, Vardenis, Qarni, Axuryan və Vaykda - "Mülki müqavilə" seçkilərdə iştirak edən yeganə siyasi qüvvə olub.