Ermənistanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan"ın lideri Samvel Karapetyanın ev dustaqlığını daha 3 ay uzadıb.
Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, Antikorrupsiya Məhkəməsi sədrlik edən hakim prokurorun Karapetyanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətini təmin edib.
Müdafiə tərəfi Karapetyanın ev dustaqlığı şərtlərinin dəyişdirilməsi barədə ərizə verib.
Qeyd edək ki, Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır.
İş adamı 2025-ci il iyunun 18-də hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Oktyabrın 13-də ona qarşı irəli sürülən ittihama xidməti və ya vəzifə səlahiyyətlərindən, yaxud onların yaratdığı nüfuzdan istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması bəndləri əlavə olunub.
Fevralda Karapetyan özünün yaratdığı "Güclü Ermənistan" partiyasından Ermənistanın baş naziri postuna (7 iyun parlament seçkilərində - red.) namizəd irəli sürülüb.