Gürcü siyasətçi: Azərbaycan Prezidentinə – Gürcüstanın böyük dostuna göstərdiyi dəstəyə görə təşəkkür edirəm

Azərbaycan Prezidenti İlham Əliyevə – Gürcüstanın böyük dostuna – ölkəmizə göstərdiyi dəstəyə, Avropa Komissiyası və onun rəhbəri Ursula fon der Lyayenlə bağlı tamamilə ədalətli qiymətləndirməsinə görə təşəkkürümü bildirmək istəyirəm.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında politoloq Vato Şakarişvili bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ), onun rəhbər şəxsləri Gürcüstan və Azərbaycan kimi suveren dövlətlərin öz maraqları əsasında müstəqil siyasət aparmasını qəbul edə bilmirlər: “Fon der Lyayen və ümumilikdə Avropa bürokratiyası o qədər qəzəblənib ki, nəticədə coğrafiyanı belə unudub, özlərini bütün dünyanın gülüş obyektinə çevirirlər”.

Politoloq xatırladıb ki, Avropa bürokratiyası Gürcüstanda demokratik yolla seçilmiş hökuməti devirmək və onu öz agentura şəbəkəsi ilə əvəz etmək cəhdlərinə birbaşa şəkildə qarışmışdı.

"Gürcüstana böyük təzyiqlər göstərilmiş, ədalətsiz münasibət sərgilənmiş, Aİ-yə üzv dövlətlərin nazirləri, deputatları və digər rəsmi şəxsləri birbaşa antigürcü, inqilabi proseslərdə iştirak etmişdilər. Avropa fondları və ayrı-ayrı üzv dövlətlərin büdcələri vasitəsilə kütləvi iğtişaşlar və destruktiv qrupların zorakı hərəkətləri maliyyələşdirilmişdi.

Bütün bunlara baxmayaraq, “Deep State” və onun nəzarətində olan Avropa bürokratiyası öz məqsədlərinə çata bilmədi – Gürcüstan öz suverenliyini qorudu, sülhü saxladı və sürətli iqtisadi inkişafını davam etdirdi. Məhz bu səbəbdəndir ki, fon der Lyayen Gürcüstanın Orta Dəhliz və ümumilikdə nəqliyyat və əlaqələndirmə sahəsindəki rolunu görməzdən gəlməyə çalışır. Lakin bu, reallıqdan o qədər uzaqdır ki, bu cür cəhdlər Gürcüstana zərər verə bilməz, əksinə, bir daha Aİ-nin indiki rəhbərliyinin qeyri-adekvat və siyasi qərəzli olduğunu sübut edir", - o qeyd edib.

V.Şakarişvili əlavə edib ki, Gürcüstan və Azərbaycan suveren dövlətlərdir. Bu ölkələrin hökumətləri hər şeydən öncə öz xalqlarının və dövlətlərinin maraqları naminə fəaliyyət göstərirlər, “Deep State”in və onun nəzarətində olan Aİ bürokratiyasının sifarişlərini yerinə yetirmirlər. Məhz bu səbəbdəndir ki, Avropa bürokratiyası dəfələrlə Gürcüstan və Azərbaycana qarşı ədalətsiz və qərəzli münasibət nümayiş etdirib:

"Gürcüstan və Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması, müxtəlif istiqamətlərdə əməkdaşlıq və tərəfdaşlıq mühitinin yaradılması üçün çalışırlar. Bu da öz növbəsində regionun yeni dünya nizamında mövqeyini möhkəmləndirməlidir. Ursula fon der Lyayenin və digər korrupsiyalaşmış bürokratların zərərli fəaliyyətləri isə bu prosesi dayandıra bilməyəcək".

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Aİ-nin Gürcüstanın daxili məsələlərinə müdaxilə cəhdlərinin müstəmləkəçi yanaşmanın təzahürü olduğunu və qəbuledilməz olduğunu deyib.

“Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”, - Prezident vurğulayıb.

Xəbər lenti