Erməni nazir: "Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"

Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir.

"Report" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib.

"2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb. 4 103 ton taxıl, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları - 6 100 ton benzin, 1 500 ton dizel yanacağı yoldadır", - nazir yazıb.

O xatırladıb ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl gətirilib ki, bunun da 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir, həmçinin 1 210 ton Azərbaycan benzini də çatdırılıb.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar Ermənistanda benzin qiymətlərinin aşağı düşməsi gözlənilir: "Artıq qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (0,36 manat -red.) qədər azalması gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar olaraq, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin azaldılması üzərində işləyirlər".

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24