Ankara mərkəzli olmaqla Türkiyənin 5 şəhərində keçirilən əməliyyat zamanı özlərini polis və prokuror kimi təqdim edərək 11 nəfəri təxminən 65 milyon türk lirəsi (təxminən 2,5 milyon manat) məbləğində aldadan 15 şübhəli saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Araşdırmalar zamanı şübhəlilərin telefonla vətəndaşlara zəng edərək barələrində cinayət işi açıldığını, şəxsiyyət məlumatlarının cinayətkar qrupların əlinə keçdiyini söylədikləri, etibar qazanmaq üçün zərərçəkənlərə saxta polis vəsiqələri və müxtəlif sənədlər göndərdikləri müəyyən edilib.
Saxlanılanlardan 12-si həbs edilib, 2 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib, 1 nəfərə isə ev dustaqlığı verilib.