Əraqçi: Qonşularımız bizim prioritetimizdir

İranın xarici siyasətində qonşuları ilə münasibətlər prioritet təşkil edir.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Omana səfəri ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Qonşularımız bizim prioritetimizdir", - A. Əraqçi vurğulayıb.

İran xarici siyasət idarəsinin rəhbəri Omana səfəri zamanı keçirdiyi görüşlərdə regional proseslər barədə mühüm müzakirələr aparıldığını bildirib.

"Hörmüzün yeganə sahilyanı dövlətləri olaraq diqqət mərkəzimizə bütün əziz qonşuların və dünyanın xeyrinə olan təhlükəsiz tranziti təmin etmək yolları daxil idi", - XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, A. Əraqçi Pakistan, Oman və Rusiyaya səfəri ehtiva edən regional tura çıxıb. O, Pakistan və Omanda yüksək səviyyəli görüşlər keçirib. Maskata səfəri bitdikdən sonra yenidən İslamabada qayıdan Əraqçi artıq Rusiyaya yola düşüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Digər xəbərlər