Buryatiyada qar uçqunu nəticəsində ölənlərin sayı altı nəfərə çatıb - YENİLƏNİB

Buryatiyada mədəndə baş verən qar uçqunu nəticəsində ölən daha üç nəfərin cəsədi tapılıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"İrokinda mədənində qar uçqunu baş verən yerdə daha üç nəfərin cəsədi tapılıb. Altı nəfərin cansız bədəni qar altından çıxarılıb", - deyə qurum qeyd edib.

Əməliyyat-axtarış tədbirlərinin başa çatdığı bildirilir.

Buryatiyanın Muy rayonundakı "İrokinda" mədənində qar uçqunu nəticəsində üç nəfər ölüb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Texnoloji yolu təmizləyən doqquz nəfər qar kütləsinin altında qalıb. Üç nəfər oradan sağ çıxa bilib. Daha sonra üç nəfərin meyiti çıxarılıb. Digər şəxslərin axtarışları davam edir.

Qeyd olunur ki, axtarış-xilasetmə işlərinə 60 nəfər, eləcə də Rusiya FHN-ə məxsus "Mi-8" helikopteri cəlb olunub.

Həmçinin məlum olub ki, hadisə faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə cinayət işi açılıb.

Digər xəbərlər