Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqresə məktub ünvanlayaraq, İrana qarşı sanksiyaları daha bir il müddətinə uzatdığını bildirib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
"Bizim İranla münasibətlərimiz hələ normallaşmayıb", - deyə dövlət başçısının məktubunda qeyd olunub. Bununla əlaqədar B.Obama 1979-cu il tarixli icra əmrini qüvvədə saxlamaq qərarına gəlib. Həmin əmrə əsasən, İranla münasibətlərdə "fövqəladə vəziyyət" elan olunur və ona qarşı sanksiyalar tətbiq edilir.
Prezidentin icra əmri 1979-cu ildə Tehranda amerikalıların girov götürülməsindən sonra verilib. O dövrdən Amerikanın İrana qarşı sanksiyalarının müddəti müntəzəm olaraq uzadılır.