Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB

Milli Məclisin plenar iclasının gündəliyi dəyişib.

"Report" xəbər verir ki, bu barədə sədr Sahibə Qafarova bugünkü iclasda məlumat verib.

O qeyd edib ki, iclasın gündəliyində 9 məsələ var.

"Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələyə baxacaq", - sədr vurğulayıb.

S.Qafarova əlavə edib ki, ötən 10 il ərzində Avropa Parlamenti Azərbaycana qarşı fəaliyyəti ilə seçilir: "İkinci Qarabağ müharibəsindən sonra təşkilatın ritorikasında anti-Azərbaycan fəaliyyəti daha da güclənib. Avroparlamentin Azərbaycana qarşı təxribatlarının intensivliyi artıb. Azərbaycana qarşı 13 qətnamə qəbul edilib. Bütün bunlar qurumun hansı meyarlar əsasında fəaliyyət göstərdiyini üzə çıxarıb. Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə səssiz qala bilməz və şübhəsiz ki, məsələ barəsində qəti mövqeyini bildirəcək".

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Bu gün Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilir.

"Report" xəbər verir ki, iclasın gündəliyində "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiqi daxil olmaqla ümumilikdə 8 məsələ var.

İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.

Digər xəbərlər