Süni intellektin (AI) lisenziyalaşdırılması Gürcüstan və Azərbaycan mediası üçün vacib məsələlərdən birinə çevriləcək.
"Report" xəbər verir ki, bunu Gürcüstan İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri Ramiliya Əliyeva Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunda deyib.
Onun sözlərinə görə, AI media üçün həm yeni imkanlar, həm də potensial risklər gətirir: "Əvvəlcə düşünürdük ki, süni intellekt işimizin bir hissəsini ələ keçirəcək, lakin zamanla gördük ki, onun inkişafı ilə ənənəvi medianın rolu daha da güclənir".
R.Əliyeva vurğulayıb ki, süni intellektin lisenziyalaşdırılması məsələsi təkcə Gürcüstan və Azərbaycan üçün deyil, bütün dünya üçün aktual olacaq.
O, həmçinin qeyd edib ki, artıq forumun bir çox iştirakçısı ChatGPT və digər AI alətlərindən fəal şəkildə istifadə edir: "Əgər iki ay əvvəl eyni sorğuya bir cavab alırdıqsa, bu gün başqa cavab ola bilər. Bu onu göstərir ki, AI daxili tənzimləmə prosesinə başlayır və öz funksiyalarını qismən lisenziyalaşdırır".
Layihə rəhbərinin sözlərinə görə, iki ölkənin media icmaları arasında yeni texnologiyaların tətbiqi və istifadəsi sahəsində təcrübə mübadiləsi süni intellektin düzgün və təhlükəsiz tətbiqinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.