Müharibələrin uzun müddət davam etməsi auditoriyada bu xəbərlərə qarşı həssaslığın azalmasından daha çox yorğunluq yaradır.
Bunu "Report" İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri, hərbi jurnalist Mübariz Aslanov Report Media Məktəbində keçirilən görüşdə deyib.
Ukraynadakı münaqişə zonasından bir qədər öncə qayıdan jurnalist bildirib ki, uzunmüddətli münaqişələr zamanı insanların hadisələrə reaksiyası fərqli olur. Onun sözlərinə görə, müharibə şəraitindən sonra normal həyata qayıtmaq da fərdi xarakter daşıyır. Bəzi insanlar gündəlik həyata daha asan uyğunlaşdığı halda, digərləri üçün bu proses çətin keçir.
M.Aslanov hərbi jurnalistin savaşın iştirakçısı deyil, şahidi olduğunu bildirib. O, jurnalistikada şəffaflığın vacibliyini də vurğulayıb.
Müxbir qeyd edib ki, hərbi jurnalistikanın qaydaları ölkədən ölkəyə dəyişir.
"Bəzən yazılmamış qaydalar və yerli mentalitet daha mühüm rol oynayır", - jurnalist bildirib.
M.Aslanov sosial şəbəkələrdə yayılan müharibə görüntülərinə də toxunaraq bütün paylaşımların hadisələrin real mənzərəsini əks etdirmədiyini diqqətə çatdırıb.
Mübariz Aslanov 1982-ci ildə Biləsuvar rayonunda anadan olub. 1986-cı ildə ailəsi ilə Beyləqan rayonuna geri dönüb, orta məktəb təhsilini burada alıb. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini 2005-ci ildə magistr səviyyəsində bitirib. 2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2008-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Azadinform İA, APA, "Report" İA kimi media orqanlarında işləyib. 2019-2020-ci illərdə AzTV-nin mətbuat xidmətində çalışıb. 2021-ci ildən "Report" İnformasiya Agentliyinin, Baku TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiridir.