Bakı Media Mərkəzinin nəzdindəki "Maverick" agentliyi Türkiyənin İstanbul şəhərində "Brand Week Istanbul" festivalı çərçivəsində keçirilən mükafatlandırma mərasimində 8 mükafata layiq görülüb, "İlin Agentliyi" seçilib.
"Report" xəbər verir ki, festivalda son iki ilin ən diqqətçəkən və kreativ reklam filmləri, eləcə də müxtəlif sahələr üzrə həyata keçirilmiş yaradıcı layihələr mütəxəssislər tərəfindən qiymətləndirilib.
Peşəkarların rəyinə əsasən, "Maverick" marketinq və kommunikasiya agentliyi İstanbulda "Felis Azerbaijan 2026"da "İlin Agentliyi" seçilib. Ümumilikdə şirkətin layihələri 20 nominasiya üzrə finala çıxıb. Nəticədə nominasiyalar üzrə şirkət 8 Felis mükafatı və "İlin Agentliyi" tituluna layiq görülüb.
Bunlara süni intellektdən kreativ istifadə – Azercell, "Zəfər Günü" süni intellekt filmi, səyahət, istirahət, əyləncə və qonaqpərvərlik sahəsi – AZAL, imic filmi, korporativ imic filmi – AZAL, imic filmi, yerli mədəniyyət – Azercell, Novruz filmi, film kampaniyaları – Azercell, "Zəfər Günü" süni intellekt filmi, kinematoqrafiya – Istisu, "Təbii xəzinə" kampaniyası, animasiya və vizual effektlər (VFX) – Azercell, Digimax kampaniyası, rəqəmsal açıq hava reklamı (DOOH) – CityNet, CityNet TV kreativ açıq hava reklamı aiddir.
Beləliklə şirkət öz nəticələri builki "Felis Azerbaijan 2026"da tarixi rekorda imza atıb.
Qeyd edək ki, "Maverick" marketinq və kommunikasiya agentliyi 2020-ci ildən Bakı Media Mərkəzinin nəzdində fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən agentlik strategiya, araşdırma, kreativ, dizayn, məzmun istehsalı, rəqəmsal marketinq, media planlaşdırılması və satınalması istiqamətlərini vahid platformada birləşdirərək müştərilərinə kompleks kommunikasiya həlləri təqdim edir. Agentlik bu gün Azərbaycanın 25-dən çox aparıcı brendi ilə əməkdaşlıq təcrübəsinə malikdir. Həmçinin, Avropa Kommunikasiya Agentlikləri Assosiasiyasının (EACA – European Association of Communications Agencies) üzvü olan ilk və yeganə yerli agentlikdir.