Gürcüstan Azərbaycanın müasir media ideyalarına maraq göstərir.
"Report" xəbər verir ki, bunu Gürcüstan İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri Ramiliya Əliyeva jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün böyük potensialı var. Azərbaycanın müasir media həlləri gürcü həmkarlar üçün faydalı ola bilər, eyni zamanda, Gürcüstanın media layihələri də Azərbaycanda səmərəli şəkildə tətbiq edilə bilər.
R.Əliyeva vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir, ölkələr strateji tərəfdaşdır və çoxsaylı birgə təşəbbüslər həyata keçirir.
"Media daim yenilənməyə, yeni resurslara və inkişafa ehtiyacı olan canlı orqanizmdir. Buna görə də Azərbaycan və Gürcüstan arasında bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi xüsusilə vacibdir", - R.Əliyeva bildirib.
Onun sözlərinə görə, hər iki ölkədə jurnalistlərin fəal şəkildə mübadilə apara biləcəyi böyük peşəkar təcrübə toplanıb: "Bu gün Gürcüstan və Azərbaycan jurnalistləri arasında təcrübə mübadiləsi son dərəcə vacibdir".
Layihə rəhbəri həmçinin vurğulayıb ki, hazırkı forum media sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolunda mühüm addımdır və gündəlik peşəkar qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verəcək.