Əhməd İsmayılov: Azərbaycanda dezinformasiya problemi ölkənin nüfuzu artdıqca özünü daha qabarıq büruzə verir

Azərbaycanda dezinformasiya problemi ölkənin nüfuzu artdıqca özünü daha qabarıq büruzə verir.

"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dezinformasiya türk dövlətlərinin ümumi problemidir:

"Onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır. Azərbaycanda dezinformasiya problemi ölkənin beynəlxalq nüfuzu artmaqda davam etdikcə özünü daha qabarıq şəkildə büruzə verir. Xüsusilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı müxtəlif qarayaxma kampaniyalarının şahidi oluruq. Bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik yaratmaq üçün nəzərdə tutulur, çox vaxt bizim reputasiyamıza xələl gətirmək məqsədi daşıyan yalan hekayələr formasında özünü göstərir".

Ə.İsmayılov həmçinin bildirib ki, bu kimi zərərli tendensiyaları aradan qaldırmaqda peşəkar medianın üzərinə ikiqat məsuliyyət düşür:

"Hər bir ölkənin doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin möhkəmləndirilməsi əsas məqsəd kimi qarşımızda dayanır. Eyni zamanda, Türkiyə-Azərbaycan birgə media platforması çərçivəsində, habelə digər türk dövlətləri ilə keçirdiyimiz birgə forumlar və mötəbər tədbirlərdə dezinformasiya ilə mübarizə məsələləri daim diqqət mərkəzində olub".

Digər xəbərlər