Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi müzakirə olunub

Azərbaycan-Gürcüstan Media Forumunda "İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusunda panel sessiya keçirilib.

"Report" xəbər verir ki, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva çıxış ediblər.

Paneldə informasiya müharibələri, dezinformasiya kampaniyaları və xarici təsir cəhdləri fonunda media ekosisteminin möhkəmləndirilməsi istiqamətində mövcud təcrübələr müzakirə olunub.

Həmçinin, texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

"ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov bildirib ki, süni intellekt texnologiyaları, xüsusilə də generativ süni intellekt problemləri daha da artırır:

"Biz generativ süni intellektin hesabına bəşər tarixinin ən önəmli texnoloji inqilablarından birini yaşayırıq. Belə bir şəraitdə, xüsusilə də böhran vəziyyətlərində xəbər telekanalının rəhbəri olmaqdan çətin bir şey yoxdur. Çünki əldə etdiyimiz və ya bizə təqdim olunan məlumatın həqiqi, yoxsa saxta olduğunu müəyyənləşdirmək çox çətindir. Bu bizim üçün informasiya cəbhəsinin önündə olmaq, tamaşaçı etimadını itirməmək və jurnalist peşəkarlığını qorumaq məsələsidir. Ona görə də generativ süni intellekt dövründə informasiya təhlükəsizliyinin əhəmiyyəti və riskləri daha da artır".

Onun sözlərinə görə, həm Azərbaycanda, həm də Gürcüstanda ənənəvi medianın mövqeyinin zəifləməsi ilə rəqəmsal və sosial medianın təsiri artır:

"Bu isə informasiya bolluğu şəraiti yaradır və bunun fonunda biz müəyyən dairələrdən informasiya hücumlarını, saxta xəbərləri, manipulyativ informasiyaların sürətlə yayılmasını müşahidə edirik. Narahatlıq doğuran əsas məqam odur ki, manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə yayılır. Bu, dezinformasiyanı artıq bir ictimai təsir metoduna çevirib və insanlar buna daha tez məruz qalır. Diqqətimizi bu sahəyə daha çox yönəltməliyik. İnformasiya təhlükəsizliyini təmin etmək üçün cəmiyyəti təhlükəsiz və düzgün məlumatla təmin etməliyik".

Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva söyləyib ki, süni intellekt əvvəlcə media nümayəndələrinin narahatlığına səbəb olmuşdu:

"Biz düşünürdük ki, o, işlərimizi əlimizdən alacaq, lakin zamanla inkişaf etdikcə ənənəvi medianın rolunun daha da artdığını görürük. Hesab edirəm ki, süni intellekt qlobal dünyada inkişaf etdikcə lisenziyalaşdırma məsələsi gündəmə gəlir, vacib əhəmiyyət kəsb edir".

O vurğulayıb ki, Gürcüstan mediası da süni intellektdən istifadə edir:

"Süni intellekt uzun müddət vaxt alan işlər qısa müddətdə həll edilir. Lakin hər hansı araşdırma zamanı onun verdiyi məlumatların doğruluğuna əmin olmaq lazımdır. Bunun üçün lisenziyalaşdırma və nəzarət vacibdir".

Gürcüstanın "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili vurğulayıb ki, əvvəllər dünyadakı böyük media qurumlarının bəzilərinin xəbərlərini yoxlamağa belə ehtiyac olmurdu:

"Bunlardan biri BBC idi. Amma BBC-də son vaxtlar Gürcüstan haqqında yayılan xəbər gülüşə səbəb oldu. Hətta ABŞ Prezidenti Donald Tramp haqqında da yalan məlumat yaymışdılar. Sonradan BBC prezidentin videosunun montaj olduğunu etiraf etdi. Azərbaycanla bağlı da dezinformasiyalar yayılırdı. Bu kimi hallar təəssüf doğurur".

MEDİA-nın Hüquq şöbəsinin müdiri Adil Tağıyev isə informasiya təhlükəsizliyinin təmin edilməsinin artıq dövlətlərin milli təhlükəsizlik məsələsi olduğunu qeyd edib.

Onun sözlərinə görə bu, strateji ictimai sabitliyin və vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsidir:

"Güclü media ekosistemi informasiya təhlükəsizliyinin təmin olunmasının əsas sütunlarından biri hesab olunur. Güclü media həm də peşəkar jurnalistika, faktların araşdırılması və geniş ictimai maarifləndirmə deməkdir. Məhz bu elementlərin bir araya gəlməsi cəmiyyətdə təhrif olunmuş məlumatların qarşısının alınmasına və vətəndaşların düzgün istiqamətləndirilməsinə şərait yaradır".

Panel müzakirələrlə davam edib.

Digər xəbərlər