Bakı. 18 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında geyim rəssamı Zəkiyyə Mahmudovanın anadan olmasının 65 illiyi münasibətilə tədbir təşkil edilib. Bu barədə "Report"a "Azərbaycanfilm" Kinostudiyasından məlumat verilib.
Tədbirdə "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov, rejissor Elxan Qasımov çıxış edərək Z.Mahmudovanı təbrik ediblər.
Qeyd edək ki, Z.Mahmudova 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub. O, 1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (indiki İncəsənət Kolleci) bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. Z.Mahmudovanın “Bulud niyə ağlayır”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub.