Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Ruandanın gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah arasında görüş keçirilib.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonağı salamlayan nazir VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə təmsil olunduğuna görə Ruanda tərəfinə təşəkkür edib.
Heydər Əliyev Fondunun Ruandada mədəniyyət, təhsil və sosial infrastrukturun bərpasına dəstək göstərdiyini deyən Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın perspektivləri olduğunu bildirib.
Ruandalı nazir Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib, beynəlxalq tədbirin aktual mövzuya həsr olunduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.