Dəniz və insanın hekayəsi: burada dəniz qurtarmır, quru başlayır - "Sükut adası"ndan reportaj

Uzun yoldan heç vaxt qorxmamışam. Hər gün şəhərin mərkəzinə 2 saat, bəzən daha çox yol gedib-gələn biri üçün bu, normaldır. Əsas odur ki, yolboyu nə edəcəyimi bilim. Bir kitab, sevdiyim hansısa musiqi və müxtəlif oyunlar...

Səhər tezdən limana gələndə də fikrimdə hər şey hazır idi. Qarşıda məni Abşeron yarımadasından 25 km, Bakıdan isə 100 km uzaqlıqda yerləşən bir adaya səfər gözləyirdi. Öncədən deyilmişdi ki, yol beş saata qədər çəkə bilər. Bu ehtimal da məni narahat etmirdi. Çünki yola çıxanda özümlə təkcə çantamı deyil, vaxtımı necə keçirəcəyimin planını da götürmüşdüm. Amma gəmi sahildən uzaqlaşdıqca bütün planlarım yavaş-yavaş əhəmiyyətini itirirdi. Dənizin ortasında, dalğaların yaratdığı mənzərədə başqa bir şeylə məşğul olmaq qəbahət olardı.

Gəmi irəlilədikcə arxamızca dalğalar yenidən qovuşur, sanki keçdiyimiz yolun izini silirdi. Üfüqdə dənizlə səma elə birləşirdi ki, hansının harada bitdiyini seçmək çətinləşirdi. Durbinlə uzaqlara baxdım. Açıq dənizi görmək üçün durbinə ehtiyac olmasa da, bu gün uzaqlara baxmaq, üfüqü, sahili, gözlə güclə seçilən hər şeyi görmək istəyirdim...

Gəminin içərisindən gələn səs məni fikirlərimdən ayırdı; "sahilə yaxınlaşırıq". Durbini kənara qoyub qarşıya baxdım. Səfərin sonuna çatırdıq, amma mənim üçün əsl tanışlıq hələ indi başlayacaqdı.

Sükut adası ilə ilk tanışlıq

Artıq adada idik - Çilov adasında. Asta addımlarla gəmidən düşüb torpağa ayaq basdıq. Elə həmin an sükut bayaqdan dalğaların, gəmi mühərrikinin uğuldatdığı qulaqlarımı batırdı. Qarşımda tamamilə nabələd olduğum bir ada vardı...

Yola çıxmazdan əvvəl Çilovu xəyalımda tamam başqa cür təsəvvür etmişdim: quru, boz, bir az da kimsəsiz. Sahilə çatanda isə xəyalımdakı ada ilə qarşımdakı mənzərə arasında ilk çat yarandı. Havanın təmizliyi, dənizin aydınlığı, ardınca hiss etdiyim qəribə sakitlik... Burada yoxluğunu elə ilk dəqiqələrdən duyduğum şeylər - maşınların uğultusu, küçələrdəki səs-küy, insan izdihamı yox idi. Bunlar özünü qəribə şəkildə hiss etdirirdi. Qulaq batıracaq dərəcədə sükut idi və mən bu qəribə hissi ilk dəfə idi ki, duyurdum.

Elə bu sükutun müşayiəti ilə məhəllələrin birinə üz tutdum. Nə hündür binalar, nə darvazalar, nə də harasa tələsən insanlar vardı. Gözümə köhnəlmiş hasarlar, balaca darvazalar, bir-birinə bitişik, daşları zamanın izini daşıyan evlər dəyirdi. Bu məhəllədə hər şey bir qədər köhnə, bir qədər də zamandan kənarda qalmış kimi görünürdü.

Bizi ilk qarşılayanlar bir-birindən fərqli pişiklər oldu; ağ, qara, sarı, boz, xallı... Sakit addımlarla irəlilədikcə onların az qala hər tində - köhnə hasarların dibi, balaca darvazaların önündə özlərinə məskən seçdiklərini gördüm. Hürküb qaçmaqlarından belə başa düşdüm ki, Çilovun bu balaca "sakinləri" yadlara öyrəşməyib. Bu an ağlımdan qədim bir əfsanə keçdi. Vaxtilə Nil sahillərində, Qədim Misirdə bu məxluqlar ilahə Bastetlə eyniləşdirilər, onlara sitayiş edilərdi. Çilovda isə onlar ilahiləşdirilməsə də, küçələrdəki xüsusi statuslarını və səssiz hakimiyyətlərini gözardı etmək mümkün deyildi. Görünən o idi ki, bu çoxsaylı varlıq Çilovun küçələrinin hər küncünü bəzəyir, tanıyır və özününkü hesab edir...

Birdən həyətlərdən birinin darvazası açıldı. "Salam, xoş gəlmisiniz, nə yaxşı buraya?", - qonağını yola salmaq üçün məhəlləyə boylanan gülərüz qadın xoş səs tonu ilə soruşdu. Onun səmimiyyəti ilə məhəllənin ilk baxışdan yaratdığı soyuq təəssürat bir anda dəyişdi. Adı kimi özü də mehriban olan xanım bizi çox istiqanlı formada həyətinə dəvət etdi.

- Gəlin içəri, baxın, həyətimdə nə gözəl ağaclar var, onları da çəkin də - bu səmimi dəvət bizim üçün də göydəndüşmə oldu.

Həyətə daxil olan kimi yeni yuyulmuş xalçanı görüb ilk ağlıma gələn sualı verirəm:

- Burada istifadə üçün suyu necə əldə edirsiniz?

- Su var çox şükür. Dəniz suyunu şirinləşdirirlər. Bununla yanaşı, adaya gəmilərlə də su gətirilir. Mağazadan alırıq...

Söhbət edə-edə Mehriban xanımın həyətinə daxil oluruq, iri meyvə ağacları bizi salamlayır.

Adada həyat mənim üçün o qədər maraqlı idi ki, acgözlüklə hər şey barədə sual vermək istəyirdim. Amma Mehriban xanımın "Bakıda evim var, lakin özüm ora getmirəm" deməsi mənim bütün fikirlərimi qarışdırdı. Çünki şəhərdəki rahat həyat, iş yerlərinin çoxluğu, eləcə də əlçatanlıq əksər insanın seçimidir.

- Burada yaşamaq mənə çox xoşdur. Axı mən burada dünyaya gəlmişəm, bura mənə necə xoş olmaya bilər? Hazırda işləyirəm. 15 gün işdə, 15 gün evdə oluram. Evdə olduğum vaxtlarda hava yaxşı olarsa, xalçamı sərirəm, özümə çay dəmləyirəm, ağaclarıma qulluq edirəm. Anam indi Bakıdadır, sabahdan işə çıxmalıdır. Qayıdacaq bura - evimizə. Mənə bu gün də zəng vurmuşdu ki, darıxmırsan ki? Dedim yox, ay ana, mənə xoşdur. Özümə söz vermişəm - nə qədər ki, hava xoşdur, burada qalacam.

- Qışda niyə Çilovda qalmaq istəmirsiniz? Soyuğa görə?

- Hə, qışda Çilov çox soyuq olur. Külək, yağış, qar... Sərt keçir. Çölə çox çıxa bilmirik. Bütün gün evdə olmaqdan da adam sıxılır. Buna görə məcbur qalıb şəhərə gedirəm.

Şəhərdə bəzən qonşunun üzünə baxmadan yanından keçirik. Çilovda isə məhəlləsinə gələnləri böyük qonaqpərvərliklə həyətinə dəvət edən bir qadın vardı. Nə bizi tanıyırdı, nə də haradan gəldiyimizi bilirdi. Sadəcə gəlmişdik və onun üçün bu, bizi qonaq etməyə kifayət idi.

Mehriban xanım bizə meyvə ağaclarından danışır, onların hər birini necə suladığından, necə diqqətlə qulluq etdiyindən həvəslə bəhs edir:

- Qara ənciri, heyif ki, dərdim. Ağacda var idi...,- sanki şəkillərdə həyətinin bir az da gözəl düşməsi üçün çalışır.

Mehriban xanımla sağollaşıb yola davam edərkən bir şey mənim üçün daha da aydın oldu; Çilovun evləri sadə idi. Amma o sadəliyin içində şəhərdə çoxdan unutduğumuz bir şey yaşayırdı: Səmimiyyət...

Bir ömrün adaya bağlanan otuz ili

Adanın başqa yerlərini də görməyə tələsirəm.

Çilova gəlməmişdən öncə burada yerləşən bir neçə yer barədə məlumatlar oxumuşdum. Bunlardan biri də məktəb idi. Öyrənmişdim ki, Rasim İbrahimov adına 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. Özlüyümdə düşünürdüm ki, bu qocaman məktəbdə işləyən müəllimlərin günü, görəsən, necə keçir?! Çilovda az insanın yaşadığını nəzər alsaq, sinifdə 5-10 şagirdlə dərs keçmək nə dərəcədə effektiv olur? Axı biz şəhər məktəblərində belə "azlığa" öyrəşməmişik!

Bu fikirlərlə məktəbə tərəf gedirdim ki, yolun yarısında yeyin-yeyin addımlayan ortayaşlı bir qadın gözümə sataşdı. Onun səliqəli və bir qədər də rəsmi geyimi diqqətimi çəkdi. İşdən qayıtdığı bəlli idi. Məktəb tərəfdən gəlməsi və üzündəki həm mülayim, həm də sərt ifadə onun məhz məktəbdə işlədiyini göstərirdi. Ona yaxınlaşan kimi simasındakı sərtlik yox oldu, gülərüzlə:

- Salam, xoş gəlmisiniz, - dedi.

Bir az söhbət etmək istədik. Gəmiyə tələsirəm, əgər qısa çəkəcəksə olar, - söylədi.

Xuraman müəllimənin gəmiyə tələsməsinə baxmayaraq, ayaq saxlayıb mənimlə söhbət etməsindən sonra buranın insanlarının Çilovdakı həyat barədə başqalarına danışmaqdan zövq aldıqlarına bir daha əmin oldum.

- Mən 30 ildir ki, Fizika, İnformatika müəlliməsi olaraq Çilovda fəaliyyət göstərirəm. Öz istəyimlə Çilova təyinat almışam. Hazırda da iş saatım bitib, gəmi ilə Bakıya, evimə qayıdıram", - deyə müəllimə özü söhbətə başladı.

Mən təəccübümü gizlədə bilmədim. Axı necə olur ki, biz 1 saatdan çox yol gedəndə artıq bütün enerjimizi bitmiş, özümüzü halsız hiss edirik, müəllimə isə 4 saatdan çox yol qət edərək Çilova gəlir, bu azmış kimi, dərs keçməyə də halı qalır. Bunun sirrini elə onun özündən soruşanda cavabı belə oldu:

- İlk olaraq onu deyim ki, peşəmi çox sevirəm. Bu sevgi mənə yorulmadan işləməyə güc verir. Çilova gəldiyimə görə əsla peşman deyiləm. Övladlarım da bu məktəbdə təhsil alıb. Onlar təhsil aldığı dövrdə burada yaşayırdıq, Bakıya gec-gec gedirdik. İndi isə onlar məktəbi bitiriblər, Bakıda yaşayırlar, mən də həftəsonları uşaqlarımın yanına gedirəm. Şəhərə gedəndə Çilov üçün, məktəb üçün darıxıram. Çünki biz burada hər bir şagirdimizlə doğmalaşmışıq. Çilovdakı məktəbin şəhərdəkilərdən ən böyük fərqi də məhz budur. Şəhərdəki məktəblərdə hər sinifdə 20-25 şagird olursa, Çilovda bu say ən çox 10 nəfərdir. Bu səbəbdən nəinki şagirdlərimizi, onların ailələrini də çox yaxından tanıyırıq. Hətta onların sonrakı fəaliyyətləri barədə də daim məlumatımız olur.

Xuraman Əliyeva ötən tədris ilində üç şagirdinin məzun olduğunu və hər birinin ali məktəbə daxil olduğunu bildirir.

- Çilovda məktəbdə məhdud şərait olsa da, uşaqların təhsilə marağı böyükdür. Onların oxumağa, dərsə həvəsi dəyişməz olaraq qalır. Sonuncu tədris ilində məzun olan üç şagirdimin hər biri ali məktəbə, istədikləri ixtisasa daxil oldular.

- Bəs ali məktəbi bitirdikdən sonra Çilovda işləmək, yaxud yaşamaq üçün qayıdan şagirdləriniz olub?

- Əlbəttə olub. Bu onların Çilova bağlılığını göstərir. Hətta hazırda bəzi şagirdlərimin övladlarına dərs keçirəm. Bir vaxt onlar mənim şagirdim idilər, Çilovda təhsil alıb, şəhərdə ali məktəbi bitirdikdən sonra adada işləməyə gəliblər. İndi də övladları bizim məktəbdə təhsil alırlar.

Müəllimənin saatına baxması söhbəti yekunlaşdırmaq lazım olduğuna işarə verir. Heç istəməsəm də, onunla sağollaşıram. İti addımlarla uzaqlaşıb evlərin arasında gözdən itir.

Görəsən, Çilovda uşaqlıq necə keçir?

Elə bu məqamda uca səslə nədənsə danışan iki məktəblini görürəm. Eşitdiyim qədərilə bugünkü dərsdəki riyazi məsələni aydınlaşdırırdılar. Əlimdəki mikrofonu görəndə sifətlərinə yüngül, utancaq bir təbəssüm qonur, qımışırlar.

-Dərsiniz bitib?

- Hə, indi çıxmışıq, - deyə birgə cavab verirlər.

Pənah və İbrahim 9-cu sinifdə oxuyurlar. Onlardan Çilovda böyüməyin, bu kiçik torpaqda dostluq eləməyin necə bir duyğu olduğunu soruşuram. İbrahim gözlərini kameradan çəkib həvəslə danışmağa başlayır:

- Burada doğulmamışam, amma altı aylığımdan Çilovdayam. Pənah isə 2020-ci ildən buraya köçüb. Həm sinif yoldaşıyıq, həm də dostuq. Dərslərə, hazırlıqlara gedirik, asudə vaxtlarımızda dostlarla görüşüb gəzirik. Burada park var, ora gedirik. İstisu deyilən yer var, ora da gedirik.

İbrahim danışdıqca gözlərindəki o saf işığı görürəm. Anlayıram ki, Çilov onun üçün xəritədəki balaca bir ada yox, uşaqlığının bütöv dünyasıdır. Lakin adada böyüməyin özünəməxsus sərt reallıqları da var imiş.

- Altı ildir buradayam. Maraqlı yerdir, amma hər yerin çətinliyi olduğu kimi, buranın da öz çətinlikləri var. Hava çox küləkli olanda gəmi yola çıxmır, əgər vacib şəhərə getməliyiksə, bu, mümkün olmur, belə olanda marketlərə ərzaq gəlmir, - deyə Pənah əlavə edir.

O an içimdə qəribə bir hüzn yaranır. Çilovda hava proqnozu sadəcə "sabah nə geyinək?" sualının cavabı deyilmiş. Bəzən market rəflərinin nə vaxt dolacağını, adanın şəhərlə bağının nə vaxt kəsiləcəyini də Xəzərin çılğın küləyi həll edir.

Söhbətə İbrahim davam edir. Oğlanların sevimli məkanı olan "PlayStation" zalından danışır. İndi həmin yer də bağlanıb.

- Tələbat az olduğuna görə bağlandı, - gözlərində xəfif məyusluq qığılcımı parlayır.

Şəhərdə adi sayılan xırda əyləncələrin burada əlçatmazlığı insanı düşündürür. Alternativin, seçimin yoxdur...

Onlardan böyüyəndə kim olacaqlarını soruşuram. Pənah eynəkli, intellektual görünüşünə uyğun olaraq "proqramist" deyir. İbrahim isə dayanır və mikrofonu ona uzatdıqdan sonra çəkingən və asta səslə:

- Mənim idmana və hərbiyə marağım var. Elə 9-cu sinifdən sonra hərbiyə getmək istəyirəm. Bakıda bir çox məktəbdə idman yarışları keçirilir. Televiziyada görürük, eşidirik. Amma Çilovda belə şeylər olmur. Bilmirəm, yəqin şagirdlərin sayı azdır deyə keçirmirlər. Burada da həmin yarışlardan keçirilsə, çox sevinərdim. Özümü sınayardım.

- Bəs başqa dostlarınız var?

- Burada hamı bir-biri ilə dostdur, - İbrahim deyir.

Bu sadə cümlədə bəlkə də böyük şəhərlərdə unutduğumuz o gözəl duyğunu Çilovun öz qucağında yaşatdığını his edirik.

Öyrənirəm ki, gənclərin evi "Köhnə qəsəbə"dədir və bura məktəbdən xeyli aralıda yerləşir. Dərsə isə adada fəaliyyət göstərən ödənişsiz avtobuslarla gəlib-gedirlər.

Sağollaşırıq. Onlar avtobusa tərəf addımlayır, mən isə yoluma davam edirəm. Arxaya boylanarkən hiss edirəm ki, Çilovun sükutu arasında uşaqlığın özünəməxsus fərqli bir nəğməsi var - bəzən bir arzuya, bəzən küləyin saxladığı bir gəmiyə, bəzən də "burada hamı bir-biri ilə dostdur" cümləsindəki o sonsuz istiliyə bürünmüş bir nəğmə...

Dənizin ortasında unudulanlar

Yol məni Çilovun ən sirli mənzərələrindən olan "gəmi qəbiristanlığı"na gətirib çıxarır. Düzü, qəbiristanlığı mənzərə adlandırmaq nə dərəcədə doğrudur, bilmirəm. Amma xidmətini başa vurmuş, sahildə lövbər salmış gəmilərin pası, onları sarmış yosun dənizin rəngi ilə həmahəng idi. Onlara baxanda ilk ağlıma gələn bu oldu: görəsən, bu gəmilər sonuncu dəfə nə vaxt harasa tələsiblər?

Bir vaxtlar onların da yolu, istiqaməti, təyinatı vardı. Kimisə bir sahildən o birinə aparmışdılar, hansısa limana yetişmək üçün dalğaları yarıb keçmişdilər. Göyərtələrində addım səsləri eşidilmiş, metal korpuslarının içində insanlar işləmişlər. Vaxtilə dalğaları yaran, küləklərə sinə gərən o nəhənglər indi suyun ortasında hərəkətsiz qalmış dəmir parçalarıdır...

Gözüm yol kənarında üçtəkər motosikletin üzərində oturub qoyunlarını izləyən kişiyə sataşır. Onun üzündə illərin dərinləşdirdiyi qırışlar, baxışlarında isə qəribə bir təmkin vardı. Qoyunlarını otarır, bir qədər aralıda dayanıb sürünü seyr edirdi. Yaxınlaşıb salam verdim.

- Salam, əmi. Nə yaman fikrə getmisən belə?

- Qoyunlara nəzarət edirəm, azmasınlar, - deyə gözlərini qoyunlara tərəf çevirir.

- Adın nədir, əmi. Çoxdandır Çilovda yaşayana oxşayırsan, - zarafatyana sualımla bir daha söhbətə cəhd edirəm.

- Adım Həbibdir. 1976-cı ildən bu Çilovdayam.

- Deməli, ömrünüzün böyük hissəsi burada keçib.

- Bəli. Masallının Təknə kəndində səkkizinci sinfi bitirib, 16 yaşımda bura gəlmişəm. 2024-cü ildən pensiyadayam. İndi pensioner adamam, qoyunlarla məşğulam. Həyətdə əkinlə də məşğul oluram. Qoyunlar da özləri çöllükdə otlayır, - əli ilə sürünü işarə edir.

- Bu qədər ildir buradasınız. Adanın, demək olar ki, hər bir halına şahid olmusunuz. Mənə maraqlıdır, əvvəllər Çilov necə idi?

- Əvvəl Çilovda xeyli adam yaşayırdı. Gəmilər də tez-tez işləyirdi. Qonaqlarımız rahat gedib-gəlirdi. İndi isə adam da azdır, gəmi də (başını yelləyir) Mən burada yoldaşım, oğlum, gəlinim və nəvələrimlə birgə yaşayıram. Şükür, Çilovda yaşamaq üçün işıq, su, qaz var. Biz də rahat yaşayırıq. Bircə evlərdə internet yoxdur. Ona da çox ehtiyac duymuruq. Üç övladım var. Biri rayonda doğulub, ikisi isə Çilovda. Onların toylarını da burada etmişəm. O vaxt əhali çox idi, toya xeyli adam gəlmişdi. Əla məclis keçmişdi, səhərə kimi deyib-gülüb oynamışdıq. Musiqiçiləri vertolyotla gətirmişdim.

- Bəs indi necə, belə məclislər keçirilirmi?.

- Yox, son vaxtlar toy-filan olmur. Adam da, məclislər də əməllicə azalıb (baxışları yenə uzaqlara dalır).

- Bəs burada kimsə vəfat edəndə, yaxud xəstələnəndə nə baş verir? Hara müraciət edirlər, vəfat edənləri necə basdırırsınız?

- Burada rusların qəbiristanlığı var. Ruslardan kimsə vəfat edəndə Çilovda basdırırlar. Müsəlmanları isə gəmi və ya vertolyotla öz rayonlarına aparıb orada dəfn edirlər. İki xəstəxana var, istənilən vaxt müraciət edə bilirik.

Həbib əmidən şəhərə köçmək istəyib-istəmədiyini soruşanda cavabı tərəddüdsüz oldu:

- Şəhərdə yaşamaq istəmirəm. Çilov yaşamaq üçün əla yerdir, hər bir şeyindən razıyam. Adadan nə vaxt kənara çıxdığım yadımda deyil heç.

- Həbib əmi, Çilovda hansısa xüsusi adət-ənənə, qayda varmı?

- Ölkəmizin qaydası da, qanunu da hər yer üçün eynidir. Hər yerdə necə, burada da elə...

Bir neçə saniyə durduqdan sonra qəfil ağlına nəsə gəlmiş kimi davam edir:

- Bir fərqli cəhət budur ki, şəhərdə istənilən mağazadan spirtli içki almaq olur. Çilovda isə içki satılmır, başqa yerdən də içki gətirmək olmaz. Sovet dövründə istənilən içki olurdu, indi isə icazə yoxdur, - qoyunlarına tərəf boylanır.

Mənim üçün bu görüş Çilovun keçmişi ilə bu gününü bir insanın xatirəsi vasitəsilə görmək imkanı yaratdı. Bir vaxtlar toy məclislərinin səhərə qədər davam etdiyi, qonaqların çox olduğu adada indi sükut hökm sürürdü. Amma illərdir burada yaşayan bu kişinin fikri dəyişməmişdi: şəhərə köçmək istəmir.

"Heç olmasa, bir çay için..."

Bir vaxtlar haradasa oxumuşdum ki, Çilova "iydə qoxulu ada" da deyirlər. İlk baxışdan bu ifadə mənə bir az poetik, bəlkə də şişirdilmiş təsvir kimi gəlmişdi. Amma yolboyu qarşımıza çıxan iydə ağaclarını gördükcə bunun heç də təsadüfi ad olmadığını anladım. Ağaclar adanın küçələrinə, evlərin həyətlərinə səpələnmişdi. Elə bil Çilovun özünəməxsus qoxusu, yaddaşda qalmaq üçün seçdiyi bir nişanı vardı. Şəhərdə qoxular da səs-küyün içində itib-batır. Burada isə iydə ağacları yolun bir parçası olmaqla yanaşı, adanın özünü də tamamlayırdı.

Məni ilk qarşılayan dördayaqlı canlılardan sonra məhəllələrdə çöl dovşanlarını görmək artıq məni Çilovda bir az da qalmağa vadar edirdi. Yolun kənarında gözlənilmədən görünən hər dovşan məni bir anlıq olduğum yerdə saxlayırdı. Onlar bir az dayanır, ətrafa boylanır, sonra da gözə görünməz olurdular.

Beləcə, iydə qoxusunun müşayiəti, dovşanların qısa sürprizləri ilə Akifə xalanın evinə çatdıq. Onunla görüşümüz əvvəlcədən planlaşdırılmışdı.

Həyət qapısını açıb onu səslədik.

- Gəlin, gəlin, keçin içəri, ay bala! - evdən səsi gəldi.

Bizi gözlədiyi hiss olunurdu. Evə yaxınlaşdıqca mətbəxdən gələn qab-qacaq səsləri də aydın eşidilirdi. Qapıdan içəri boylananda süfrədə növbənöv mürəbbələr, konfetlər, şirniyyatlar gördük, sanki çoxdan gözlənilən qonaqların şərəfinə açılmışdı.

Biz vaxtımızın az olduğunu, hələ görəcəyimiz yerlərin qaldığını deməyə çalışdıq. Akifə xala isə başqa fikirdə idi:

- Necə yəni oturmursunuz, bu qədər yolu gəlmisiniz, bir çay da içməyəcəksiniz? Belə olmaz axı!

Hətta zarafatla hiss etdirdi ki, süfrəyə əyləşməsək, bizimlə söhbətə də başlamayacaq. Bu şirin "təhdid"dən sonra nəhayət onu razı saldıq ki, əvvəl bir az söhbət edək, sonra da vaxtımız qalsa, süfrəyə əyləşərik. Akifə xala könülsüz razılaşdı.

O, 1994-cü ildən Çilovda yaşayır. Ən az Həbib əmi kimi bu adada neçə-neçə hadisələrə şahidlik edib. Söhbətə də elə buradan başladıq.

- Akifə xala, ilk dəfə bura gələndə Çilov necə idi? İndiki ada ilə o vaxtkı ada arasında nə fərq var?

- Ay bala, onda buralar çox geridə qalmışdı. İndi xeyli abadlaşıb, yaşıllaşıb. O vaxtla indini müqayisə eləmək olmaz.

- Bəs burada dolanışığınız necədir, İşləyirsiniz?

- Mən bağ-bağça becərirəm. Bax bu gördüyünüz nar ağaclarını öz əllərimlə əkmişəm. Yoldaşım neft sahəsində işləyib, indi pensiyadadır. İnəyimiz, qoyunumuz da var. Onlarla başımızı qatırıq.

- Qonşularla münasibətlər necədir? Hamı bir-birini tanıyır?

- Burada hamı mehribandır. Ad günü olanda da, yaxşı günümüzdə də, pis günümüzdə də bir yerə yığışırıq. Bizim bir-birimizdən başqa kimimiz var ki?

Bu sözlərdə Çilov həyatının kiçik bir izahı gizlənirdi, əslində.

Söhbətimizin bu yerində Akifə xala yenidən süfrəni göstərdi:

- Ay bala, heç olmasa, bir mürəbbədən dadın. Belə qonaq gəlmək olar?

Biz isə adadakı mayaka da baş çəkməli idik. Axı bir adaya gəlib onun mayakını görməmək olmazdı.

Dənizçilərə yol göstərən qoca keşikçi

Günəş artıq üfüqə doğru əyilirdi. Axşamın şəfəqi Çilovun üzərinə yayılır, dənizin səthində uzanan parıltılar sahilə qədər gəlib çatırdı. Bu mənzərə ilə mayaka doğru irəliləyirdik. Uzaqdan görünən mayak yaxınlaşdıqca daha əzəmətli təsir bağışlayırdı. Elə bil ada ilə dənizin qovuşduğu nöqtədə dayanıb illərdir eyni mənzərəni seyr edən, saysız-hesabsız gəmilərin gəlib-getməsinə şahidlik edən qoca bir keşikçi idi.

Ada haqqında oxuduğum məlumatlarda mayakın tikintisinin 1879-cu ilə aid edildiyi, 1880-ci ildə isə Fransadan gətirilmiş avadanlıqla təchiz olunduğu qeyd edilmişdi. Deməli, bu tikili 150 ilə yaxındır ki, Xəzərin qoynunda öz yerini qoruyur. Onun divarları təkcə küləklərə, duzlu dəniz havasına deyil, zamanın özünə də sinə gərib.

Mayakın qarşısında nə qədər dayandığımı dəqiq deyə bilmərəm. Bəzən bir yerin tarixini anlamaq üçün onun haqqında oxuduqların kifayət etmir. Gərək həmin yerə gedəsən, qarşısında dayanıb ətrafına baxasan, küləyi hiss edəsən. Çilov mayakı da mənim üçün belə yerlərdən biri oldu.

Birdən telefon zəngi çaldı. Gəmi yola düşməyə hazırlaşır. Deməli, Çilovla sağollaşmağın vaxtı idi. Limana qayıtdıq. Əşyalarımızı gəmiyə yerləşdirirdik ki, telefon yenidən zəng çaldı.

- Bala, yemək süfrədə soyudu, harada qaldınız? - səs heç də yad deyildi.

Bir anlıq əlimdəki işi saxladım. Sən demə Akifə xala bizim üçün yemək hazırlayıb, yoldaşı ilə birgə gəlməyimizi gözləyiblər. Biz isə artıq gedirdik. Mayaka baş çəkdikdən sonra vaxtımız qalsa, qayıdacağımıza söz vermişdik. Amma vaxt bizi öz arxasınca aparmış, biz də şəhərdən özümüzlə gətirdiyimiz tələskənliyə yenilmişdik.

Gəminin mühərriki işə düşdü. Kəndirlərin boşaldığını, suyun gəminin gövdəsinə toxunduğunu hiss etdik. Çilov arxada qalırdı. Bu adada bir müəllim otuz ilini şagirdlərinə, bir kişi ömrünün böyük hissəsini ailəsinə və torpağına, uşaqlar öz arzularını küləyin bəzən yollarını kəsdiyi bir adaya bağlamışdı. Həyat orada hərdən dayanırmış kimi görünürdü: gəmilər yola çıxmır, sahildəki köhnə gəmilər daha heç yerə getmir, axşam düşəndə küçələr sükuta qərq olurdu. Amma bütün bunların içində həyatın özü - insanların bir-birinə bağlılığı vardı.

Gəmi sahildən uzaqlaşdıqca Çilov kiçilirdi. Mən isə düşünürdüm: bəlkə də Çilovun ən böyük uzaqlığı kilometrlərlə ölçülmür. Bura şəhərdən uzaqdır, bəli. Amma insanın insana yaxınlığının məsafə ilə ölçülmədiyini də elə burada anladım...

Müxbir: Sevil Seymur

Videoreportaj: Gülçin Cəmil

Digər xəbərlər