Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər

Astronomlar ilk dəfə olaraq insan gözünün yaşıl rəngdə qəbul etdiyi ulduz kəşf ediblər.

"Report"un xəbərinə görə, CNN bu barədə "RAS Techniques and Instruments" jurnalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb.

Söhbət ağ cırtdandan gedir - Günəşə bənzər ölü ulduzun sıx qalığı. Alimlər onun rəngini spektral məlumatlara əsasən hesablayıblar, çünki obyekti Yerdən birbaşa görmək mümkün deyil.

Tədqiqatçılar Yerdən 65 işıq ili məsafədə 151 ağ cırtdanı araşdırıblar. Tədqiqatın aparıcı müəllifi, Uorvik Universitetinin astrofizik Mark Hollandsın sözlərinə görə, ulduzlardan birinin yaşıl çaları kalsium, natrium və litium ehtiva edən atmosferinin xüsusiyyətlərindən qaynaqlanır.

"Adi ulduzlar əsasən narıncı, ağ və ya mavi ola bilər", - Hollands deyib.

Ağ cırtdanların qeyri-adi rəngləri heliumun digər elementlərin izləri ilə qarşılıqlı təsirindən yaranır. Astronomlar həmçinin karbon molekullarının yüksək konsentrasiyası səbəbindən çəhrayı görünən ulduz kəşf ediblər.

Hollandsın qiymətləndirməsinə görə, yeni müşahidələr mövcud spektral məlumatlara malik ağ cırtdanların sayını on qat artıra bilər. Bu, alimlərə qeyri-adi rənglərə malik digər ulduzları kəşf etməyə kömək edə bilər.

Digər xəbərlər