“Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 3,335 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 62,6 % çoxdur.
Yanvar-mart aylarında “Zıraat Bank Azərbaycan"ın gəlirləri 13,53 milyon manat (illik müqayisədə 32,3 % çox), xərcləri 7,073 milyon manat (37,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,123 milyon manat (3,2 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 617,409 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 37,4 % çoxdur. Bunun 321,72 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,9 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 45,6 % artaraq 506,755 milyon manata, o cümlədən depozit portfeli 58,1 % artaraq 391,915 milyon manata, balans kapitalı isə 9,1 % artaraq 110,653 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.