AKTA: BOKT-larda kibertəhlükəsizlik üçün büdcə və mütəxəssis çatışmazlığı var

Azərbaycanın bank olmayan kredit təşkilatlarında (BOKT) kibertəhlükəsizlik üçün büdcə və ixtisaslı mütəxəssis çatışmazlığı var.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, bu seqmentdə rəqəmsallaşma səviyyəsi maliyyə sektorunun digər seqmentləri ilə müqayisədə nisbətən aşağı olduğuna görə kiberhücumlar azdır: "Lakin belə hücumlar baş verdiyi təqdirdə, problemlərlə üzləşmək qaçılmazdır. Azərbaycan Mərkəzi Bankı (AMB) bu sahədə tənzimləyici tələb müəyyən edib. Həmin tələb mikromaliyyə institutlarının müəyyən qaydalara əməl etməsini nəzərdə tutur. Bu prosesdə assosiasiyalar, şirkətlər və ekspertlərin rolu da ortaya çıxır. Belə ki, şirkətlər və ekspertlər auditlər, boşluqların təhlilini (gap-analiz) aparır, qurumlarda informasiya təhlükəsizliyi sistemlərinin qurulması ilə məşğul olur. Biz də bu istiqamətdə sektorda fəaliyyət göstəririk".

"Assosiasiya olaraq sorğu keçirmişik. Dörd şirkət və ekspertin, daha dəqiq desək, dörd fərdi şəxsin cavabları əsasında müəyyən etmişik ki, 10-dan çox mikromaliyyə təşkilatında audit aparılıb. Həmin auditləri həyata keçirən şəxslər müşahidələrini assosiasiya ilə bölüşüblər.

Mənim təxminimə görə, mikromaliyyə sektorunda 50-dən çox təşkilat fəaliyyət göstərir. Əgər 10-dan çox təşkilatda audit aparılıbsa, deməli, sektorun təxminən 20 %-ni əhatə etmişik. Hesab edirəm ki, bu, müəyyən nəticələr çıxarmaq üçün kifayət qədər yaxşı rəqəmdir.

Əsas maneələrdən biri maliyyə imkanlarının məhdud olmasıdır. Biz reallığı anlayırıq və təqdimata hazırlaşarkən də hər yerdə büdcə məhdudiyyətləri ilə qarşılaşdıq.

Digər problem isə qurumlarda ixtisaslı mütəxəssislərin olmamasıdır. Düşünürəm ki, bu çətinliyi kənar ekspertlərin və ya məsləhətçilərin cəlb edilməsi ilə həll etmək mümkündür. Bir çox mikromaliyyə təşkilatında kibertəhlükəsizlik şöbəsinin olmadığını görürük. Bu sahəyə cavabdeh şəxslər olmadıqda isə problemlərin yaranması qaçılmazdır. Ən vacib məqamlardan biri də rəhbərliyin kibertəhlükəsizliyə aşağı prioritet verməsidir. Bir çox hallarda aydın olur ki, tənzimləyicinin tələbi olmasaydı, mikromaliyyə qurumları bu məsələyə ümumiyyətlə diqqət ayırmayacaqdılar. AMB-nin müəyyən etdiyi tələb sayəsində isə qurumlar kibertəhlükəsizliyə diqqət ayırmağa məcbur olurlar", - deyə sədr əlavə edib.

Digər xəbərlər