Bakı. 28 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə strateji yol xəritələri çərçivəsində kiçik və orta sahibkarlıq sahəsində səmərəli vergi sisteminin təşviq edilməsi məqsədilə vergi qanunvericiliyində və inzibatçılığında edilməsi zəruri hesab olunan dəyişikliklər müzakirə edilib.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumata görə, görüşdə kiçik və orta sahibkarlar və ictimai birliklərin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Vergilər Nazirliyi strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul ediləcək qərarların səmərəliliyinin və şəffaflığının təmin edilməsi üçün silsilə tədbirlər həyata keçirir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemləri və təklifləri öyrənir, onların həlli istiqamətində məqsədyönlü işlər görür.
Bu tədbirlər çərçivəsində Vergilər Nazirliyinin sahibkarlarla mütəmadi olaraq keçirdiyi görüşlərin ölkədə kiçik və orta sahibkarlığın inkişafındakı əhəmiyyətindən danışan M.Musayev bu görüşlərdə səsləndirilən hər bir təklifə ciddi şəkildə və fərdi yanaşıldığını, Vergi Məcəlləsinə gələcəkdə ediləcək dəyişiklər zamanı əhəmiyyətli hesab olunan təkliflərin nəzərə alındığını vurğulayıb.
Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov isə qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq, bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. O, qeyri-neft sektorunun inkişafında onun əsas sütunlarından biri kimi sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın fəaliyyətinə hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb: “Vergilər Nazirliyi öz fəaliyyətini tam şəffaf şəkildə qurmağa çalışır və ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq üçün vergi inzibatçılığı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində vergi ödəyicilərinin təkliflərini hər zaman dinləməyə hazırdır”.
Qeyd edək ki, Vergilər Nazirliyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müvafiq hədəflər üzrə əsas icraçı qurumlarından biridir. Nazirlik strateji yol xəritələrində onun qarşısında müəyyən edilmiş vəzifələrin icrası prosesində bununla bağlı layihələr hazırlayarkən sahibkarlıq subyektlərinin təkliflərini əsas götürür və onlardan normativ sənədlərin hazırlanmasında istifadə edir.
Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin öz rolunun olduğunu bildirən S.Ələkbərov qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotununu düzgün şəkildə və vaxtlı vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.
Sonra vergi ödəyicilərini daha çox maraqlandıran elektron qaimə-fakturaların tətbiqi, nağdsız hesablaşmaların həcminin artırılması yolları və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılaraq onların təklifləri dinlənilib, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri vergi ödəyicilərinin çoxsaylı suallarını cavablandırıb.